(verse: AiD)
Mənim sevgilim, sən hamıdan gözəlsən
Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini
Səhifələr tükəndikcə sanki bitir hər şey
Mən kitab olsaydım, adım olardı sənin səhvin
Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan
Mən mahnı olsaydım, susub səni dinləyərdim
Əzab ver, qorxma, sevgidən ölmür heç kim
Mən ürək olsaydım, səni çöldən bağlayardım
Mənim sevgilim, sən hamıdan gözəlsən
Sənə mən gül verdim, sənsə sevdin tikanların
Uçmaq istəsən, göyə çıxmaq lazım deyil
Qəlbim sənin səman, sevgimsə qanadların
Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır
Mən dünya olsaydım, fırlanardım başqa səmtə
Sənin əksini sevdim, ürəyini tapa bilmədim
Ürəyin olsaydım, yəqin, gizlənərdim mən də
Dairəni sevmirəm, çünki, küncə qısılmaq olmur
Küsəndə külək kimisən, sənə toxunmaq olmur
Sən hər dəfə əsdikcə yanaqdan axır sel
Dünya fırlandıqca fırlanır bizim karusel
(Nəqarət: Miri Yusif)
Üzündəki xal - ürəyimdədi xal
Gündüzlər getmə, get
Gecələr qalma, qal
Yadına bir də sal
Marsel, fırlanır karusel
(verse: AiD)
Mənim sevgilim, sən hamıdan gözəlsən
Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım
Cənnətdə görüşməkçün gərək əbədi sevəsən
Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım
Dünyanı gözəl göstərməkçün hərdən uydurursan
Mən yalan olmuşdum, səni onda mələk etmişdim
Sənə tərəf hər addım atdıqca təzyiq azalır
İtmiş şəhər olsaydın, ora çoxdan getmişdim
Sevməkçün hər şey var, bu dünya əliaçıqdır
Qaça bilmədiyin dərddən zövq al, ya da barış
Xəstəlik olsaydım, olardım yaddaşsızlıq
Ki, unudaq olanları, yenidən olaq tanış
Mənim sevgilim, sən bu gün çox gözəlsən
Mən həyat olsaydım, bu qədər şirin olmazdım
Sənin eşitməyinçün demirəm mən bu sözləri
Mən sevgi olsaydım, sözlərdən yığılmazdım
Yuxuna gəlsəm də, tez oyadacam ki, tez gedim
Qoy mən damcı gözündən axandan daha tez gedim
Sən ağladıqca həyat yollarımdan axır sel
Dünya fırlandıqca fırlaır bizim karusel
(Nəqarət: Miri Yusif)
Üzündəki xal - ürəyimdədi xal
Gündüzlər getmə, get
Gecələr qalma, qal
Yadına bir də sal
Marsel, fırlanır karusel